Tez-tez verilən suallar

Suallarınıza açıq cavablar

Ağrı, şişkinlik, nəticənin davamlılığı, qiymət və preparatın təhlükəsizliyi — pasientlərin ən çox soruşduqları suallar və onların cavabları.

Ümumi suallar

Prosedurlar haqqında WhatsApp və ya Instagram vasitəsilə ətraflı məlumat almaq olarmı?

Qəbula yazılmaq üçün telefon, WhatsApp və Instagram Direct vasitəsilə əlaqə saxlaya bilərsiniz. Prosedurlar barədə ətraflı məlumat isə üz-üzə konsultasiyada, üzünüz yaxından dəyərləndirildikdən sonra verilir — düzgün qərar üçün bu vacibdir.

Qəbula yazılarkən nə göndərməliyəm?

Prosedura yazılmaq istəyirsinizsə, Instagram Direct vasitəsilə şəklinizi göndərə bilərsiniz.

Qiymətlər niyə saytda göstərilmir?

Qiymət preparatdan, nahiyədən, preparatın miqdarından və prosedurun həcmindən asılıdır. Preparatların adları və qiymətləri konsultasiyada bildirilir.

Preparatın orijinallığına necə əmin ola bilərəm?

Preparat prosedurdan əvvəl sizə göstərilir, yanınızda açılır və pasportu sizə təqdim olunur. Bazar qiymətindən xeyli aşağı təklif olunan preparatlar saxta və sağlamlıq üçün təhlükəli ola bilər.

Nəticələr hamıda eyni olurmu?

Xeyr. Hər üzün quruluşu, dərisi və yaşı fərqlidir; forma və texnika da buna uyğun seçilir. Nəticə həmişə fərdidir.

Dodaq dolğusu

Dodaq dolğusu ağrılı prosedurdurmu?

Pasientlərin əksəriyyəti prosedur zamanı ciddi ağrı hiss etmədiyini bildirir. Narahatlıq hissi fərdidir və konsultasiyada müzakirə olunur.

Prosedurdan sonra şişkinlik və göyərmə olurmu?

Yüngül şişkinlik adətən 1–2 gün ərzində keçir, dodaqlar təxminən 10 günə son formasını alır. Göyərmə hər kəsdə olmur; yaranarsa, bir neçə gün ərzində çəkilir.

Nəticə nə qədər qalır?

Hialuron turşusu əsaslı dodaq dolğusunun davamlılığı preparatdan və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq adətən 9–18 ay təşkil edir.

Dolğu sovrulduqdan sonra dodaqlar deformasiya olurmu?

Düzgün texnika ilə aparılmış hialuron turşusu əsaslı dolğu tam sovrulduqdan sonra dodaqlarda deformasiya yaranmır.

Başqa yerdə edilmiş uğursuz dolğunu düzəltmək mümkündürmü?

Hialuron turşusu əsaslı dolğu xüsusi preparatla əridilə bilər; bığ nahiyəsinə yayılmış dolğunun əridilməsi adətən bir seans tələb edir. Süni gel (biopolimer) isə əridilmir və çıxarılması cərrahi müdaxilə tələb edə bilər.

Bəzi hallarda köhnə dolğu əridilmədən, düzgün texnika ilə üzərindən konturlama və həcmləndirmə aparılır — qərar dodağın vəziyyətinə görə verilir.

Dodaq dolğusu üçün yaş məhdudiyyəti varmı?

Dodaq dolğusu yalnız gənc xanımlar üçün nəzərdə tutulmayıb. Əsas şərt yaş faktorunun və üz quruluşunun mütləq nəzərə alınmasıdır.

“Ördək dodaq” görünüşündən necə qaçmaq olar?

Profil görünüşü mütləq nəzərə alınmalıdır: bığ nahiyəsi şişirdilməməli, dodaqlar önə çıxmamalıdır. Həkimi diqqətlə seçmək və istəyinizi ona aydın izah etmək də nəticəyə birbaşa təsir edir.

Göz ətrafı

Gözaltı işıq dolğusu gözaltı qaralığını aradan qaldırırmı?

Dolğu əsasən çökəkliyi və onun yaratdığı kölgəni azaldır. Dəridəki tünd piqmentasiya üçün isə gözaltı mezopreparatları kimi fərqli prosedurlar tövsiyə oluna bilər.

Gözaltı dolğusu hər kəsə uyğundurmu?

Xeyr. Gözaltı riskli zonadır: preparat və inyeksiya qatı təsadüfi seçilmir. Müayinədən sonra bəzən başqa prosedur daha doğru seçim olur.

Yorğun baxışın səbəbi həmişə gözaltı çökəkliyidirmi?

Xeyr. Bəzən səbəb üst göz qapağı nahiyəsinin çökməsi və ya gicgah çökəkliyi olur. Buna görə göz ətrafı bütöv şəkildə dəyərləndirilir.

Botoks

Botoksdan sonra mimika donurmu?

Düzgün dozada və düzgün nöqtələrə edilən botoksdan sonra mimika qorunur. Məqsəd qırışları aradan qaldırmaqdır, əzələ hərəkətini tamamilə dondurmaq deyil.

Effekt nə vaxt görünür?

Təsir bir neçə gün ərzində başlayır, tam nəticə təxminən iki həftəyə formalaşır.

Ucuz botoks niyə risklidir?

Botoksun qiyməti həkimdən, klinikadan, preparatdan, nahiyədən və preparatın miqdarından asılıdır. Minimum qiymət həddindən xeyli aşağı təklif olunan preparatlar saxta və sağlamlıq üçün zərərli tərkibə malik ola bilər.

Qaş əkimi

Qaş əkiminin nəticəsi qalıcıdırmı?

Bəli, köçürülmüş tüklər qalıcıdır. Köçürülən tüklər baş dərisindəki tüklərin xüsusiyyətlərini saxladığı üçün vaxtaşırı səliqəyə salınma tələb edə bilər.

Tüklər haradan götürülür?

Tüklər başın arxa — ənsə hissəsindəki kiçik bir nahiyədən götürülür. Prosedur lokal anesteziya altında, təxminən 1,5–2 saat ərzində aparılır.

Qəbul üçün+994 50 550 20 30

Saytda axtarış

Populyar axtarışlar

seçmək Enter açmaq Esc bağlamaq
Vizitkart
Həkim-kosmetoloq Günel Mira

Günel Mira

Həkim-kosmetoloq

RAM Estetic · Bakı

Kontaktlara əlavə et
Telefonla skan edin və kontaktı yadda saxlayın

Qəbul əvvəlcədən yazılışla aparılır. Prosedurlar barədə ətraflı məlumat üz-üzə konsultasiyada verilir.